100 İllik Qurultay işığında Türkologiyanın İnkişaf yolları”

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində “Elm Günü”nə həsr olunmuş ustad dərs keçirilmişdir. Məruzəçi Şərqşünaslıq fakültəsinin məzunu, türkoloq-alim, filologiya elmləri doktoru, professor Tofiq Məlikli “100 İllik Qurultay işığında Türkologiyanın İnkişaf yolları” mövzusunda çıxış etmişdir.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə tanınmış türkoloq-alim Tofiq Məliklinin həyat və yaradıcılığı haqqında qısa məlumat vermişdir
Professor Tofiq Məlikli ustad dərsdə XX əsrin əvvəllərində keçirilmiş Birinci Türkoloji Qurultayın türk dünyası üçün əhəmiyyəti, eləcə də bu qurultayın elmi irsinin müasir türkologiyanın formalaşmasına təsirini geniş şəkildə təhlil etmişdir. Məruzədə qurultayın ortaq əlifba, dil birliyi, terminologiya və milli-mədəni kimlik məsələlərinin müzakirəsində oynadığı rola xüsusi diqqət yetirilmişdir.
Professor Tofiq Məlikli türkologiyanın keçdiyi inkişaf mərhələlərini elmi faktlar əsasında şərh etmiş, 100 illik elmi irsin bu gün də aktual olduğunu vurğulamışdır. O, müasir dövrdə türkologiyanın yalnız filoloji sahə kimi deyil, həm də mədəniyyətlərarası əlaqələrin, diplomatik münasibətlərin və regional əməkdaşlığın mühüm istiqaməti kimi dəyərləndirildiyini qeyd etmişdir.
Seminar interaktiv müzakirə şəraitində davam etmiş, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.