“Tehran dialektinin səciyyəvi xüsusiyyətləri“
Şərqşünaslıq fakültəsində Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının saathesabı müəllimi və dissertantı Sevda Mir-Bağırova “Tehran dialektinin səciyyəvi xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Elmi seminarın mövzusu Tehran dialektinin səciyyəvi xüsusiyyətləri baxımından aktuallıq kəsb edir. Məruzəçi bildirmişdir ki, Tehran dialekti digər İran dialektləri ilə müqayisədə ədəbi dilə ən yaxın olan dialekt sayılır. Buna baxmayaraq fars ədəbi dili ilə danışıq dili arasında istər fonetik, istər qrammatik, istərsə də leksik cəhətdən bir sıra əsaslı fərqlər vardır. Tehran dialektində eliziya (səs düşümü), metateza (səs dəyişilməsi), proteza (səs artımı) kimi fonetik proseslər demək olar ki bütün nitq hissələrində müşahidə olunur. Tehran dialektinin qrammatik xüsusiyyətlərindən danışarkən ədəbi və danışıq dilində işlənən isimlərdən, sifətlərdən, saylardan, əvəzliklərdən, feillərdən, zərflərdən nümunələr göstərilmiş və yalnız danışıq dilində işlənən bütün nitq hissələri cədvəl şəklində göstərilmişdir. Daha sonra canlı dil nümunələri kimi kinolardan və ziyalıların nitqindən ibarət qısa videolar nümayiş olunmuşdur. Şərqşünaslıq fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Nigar İsmayılzadə, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov, dosent Əsmətxanım Məmmədova, mövzunun elmi əhəmiyyəti və aktuallığı barədə çıxış etmişlər. Elmi seminar məruzəçiyə ünvanlanan sualların cavablandırılması və geniş fikir mübadiləsinin aparılması ilə yekunlaşmışdır.