Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan AZƏRTAC-a müsahibə verib

Şərqşünaslıq fakültəsində şərq dilləri və ümumilikdə Şərq regionu öyrənilir. Son dövrlərdə texnologiyaların sürətli inkişafı bu sahəyə də öz təsirini göstərir. Tələbələr dillərin öyrənilməsi prosesində müasir texnologiyaların önümüzdə açdığı geniş fürsətlərdən istifadə etmək imkanı əldə edirlər. Süni intellektlə bağlı müxtəlif təlimlərə qoşulurlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan söyləyib.
A.Xəndan qeyd edib ki, süni intellektin müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də az deyil. Artıq tələbələr süni intellektə tam güvənərək elmi araşdırma aparmağa meyillənirlər. Nəticədə öz əqli potensiallarından lazımi dərəcədə istifadə etmir, tənbəlləşirlər. Bu yaxınlarda çinli mütəxəssislərlə görüş zamanı onlar “ağıllı” sinxron tərcüməçi qulaqlıqların tezliklə istifadəyə veriləcəyini bildirdilər. Əgər bu, populyarlıq qazansa, bir tərəfdən tərcüməni asanlaşdıracaq, digər tərəfdən bu sahə üzrə yetişən mütəxəssislərin işinə mane olacaq.
“Dövlətimizin bir sıra Şərq ölkələri ilə əlaqələrinin genişləndirilməsi şərqşünasların qarşısında yeni imkanlar açır, həmçinin yeni məqsədlərə doğru irəliləmələrinə vəsilə olur. Şərq dünyasının tarixi keçmişinin öyrənilməsi, qədim əlyazmaların oxunması, onlar üzərində elmi araşdırmaların aparılması olduqca önəmlidir. Əlyazmalarla iş aparmağı bacaran, eyni zamanda, müasir tendensiyalarla ayaqlaşa bilən tədqiqatçılara ehtiyac var. Bu baxımdan müasir dövrdə baş verən dəyişikliklərə, inkişafa uyğunlaşa biləcək kadrların yetişməsi prioritet məsələlərdəndir. Bir neçə şərq dilini bilən kadrlara da ehtiyac çoxdur. Bu baxımdan fakültəmizdə əlavə Şərq dili də tədris edilir. Öyrəndikləri region üzrə tam məlumatlı olmaları üçün tələbələrə treninqlər, faydalı görüşlər, seminarlar təşkil olunur”, - deyə Aydan Xəndan bildirib.