Azərbaycan ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə prosesi: nəzəri və praktik yanaşmalar
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Ərəb filologiyası kafedrasının təşkilatçılığı ilə tanınmış misirli türkoloq, ədəbiyyatşünas, tərcüməçi və diplomat, Azərbaycanşünas alim, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, professor Əhməd Sami Elaydinin təqdimatında "Azərbaycan ədəbiyyatı nümunələrinin ərəb dilinə tərcümə prosesi: nəzəri və praktik yanaşmalar" mövzusunda elmi seminar təşkil edilmişdir. Tədbirdə fakültənin professor-müəllim heyəti, tələbələr və tədqiqatçılar iştirak etmişdir.
Seminarın açılışında Ərəb filologiyası kafedrasının müdiri, professor Vüqar Qaradağlı tədbir iştirakçılarını salamlayaraq bu tədbirlərin keçirilməsinin Azərbaycan və ərəb dünyası arasında elmi əlaqələrin inkişafında oynadığı mühüm rolundan bəhs etmişdir.
Daha sonra kafedranın müəllimi, filologiya üzrə fəlsəfə doktoru Könül Eyvazova professor Əhməd Sami Elaydinin elmi və ədəbi fəaliyyəti haqqında seminar iştirakçılarına məlumat vermiş, onun ərəb dünyasında Azərbaycanşünaslıq ixtisası üzrə ilk tələbə olması, Azərbaycana böyük məhəbbəti, Azərbaycanın və Azərbaycan ədəbiyyatının ərəb dünyasında tanıdılması sahəsindəki müstəsna fəaliyyətindən bəhs etmişdir.
Elmi seminarda professor Əhməd Sami Elaydi Azərbaycan ədəbiyyatının ərəb dilinə tərcümə prosesi, bu sahədəki nəzəri və praktik çətinliklər, eləcə də mədəniyyətlərarası ünsiyyətin əhəmiyyəti barədə məruzə ilə çıxış etmişdir. O, tərcümə prosesində orijinal mətnin poetik və semantik xüsusiyyətlərinin qorunmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə öz elmi təcrübəsini bölüşmüşdür.
Daha sonra professor Əhməd Sami Elaydinin elmi rəhbəri, Bakı Dövlət Universitetinin professoru Vagif Sultanlı çıxış edərək Elaydinin elmi yaradıcılığı və Azərbaycan ədəbiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat vermiş, professorun Bakı Dövlət Universitetində doktorantura pilləsində təhsil alarkən Azərbaycanın bir sıra xəbər agentliklərində ərəb dili üzrə redaktorluq, tərcüməçilik fəaliyyəti, Azərbaycan-Misir elmi və ədəbi əlaqələrinin inkişafında oynadığı mühüm rolu qeyd edərək, onun Azərbaycan ədəbiyyatının ərəb dünyasında tanıdılması istiqamətində gördüyü müstəsna işləri yüksək qiymətləndirmişdir.
Seminarın sonunda Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndan tədbirin elmi və akademik əhəmiyyətini vurğulayaraq, məruzəçiyə və tədbir iştirakçılara təşəkkürünü bildirmiş və tələbələrin ərəb dilinə, ərəb ədəbiyyatına maraqlarının artması, elmi əlaqələrin inkişafı üçün bu kimi elmi tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd etmişdir. Tədbirin sonunda seminar iştirakçıları professor Əhməd Sami Elaydi ilə fikir mübadiləsi apararaq Azərbaycan ədəbiyyatının ərəb dünyasında tanıdılması və tərcümə prosesinin inkişaf perspektivləri ilə bağlı suallarını ünvanlandırmışlar.
Tədbir Şərqşünaslıq fakültəsinin magistrant və tələbələri üçün dərin elmi-praktik əhəmiyyət kəsb etmişdir.