Şərqşünaslıq fakültəsinin dekanı, dosent Aydan Xəndanın Azərtaca müsahibəsi
Şərqşünaslıq fakültəsi Bakı Dövlət Universitetinin ən köklü fakültələrindən biridir. 1922-ci ilə qədər universitetin Tarix-filologiya fakültəsində Şərq şöbəsi kimi fəaliyyət göstərib. Fakültənin yaradılmasında məqsəd tədqiqatçı şərqşünasların elmi məktəbini yaratmaq, türk və İran xalqlarının tarixi, dili və ədəbiyyatı üzrə mütəxəssislər hazırlamaq idi. İlk dekan professor Panteleymon Krestoviç Juze olub.
Bu fikirləri Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan AZƏRTAC-ın müxbirinə müsahibəsində davam etdirərək deyir:
-Şərqşünaslıq fakültəsində tədrisin yüksək səviyyədə aparılmasında, kadrların yetişdirilməsində, ərəbşünaslıq, iranşünaslıq və türkologiya sahəsində elmi nailiyyətlər əldə edilməsində akademik Həmid Araslı, professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Aida İmanquliyeva, Mübariz Əlizadə, Əhməd Şəfai, Neyyerzaman Hatəmi, Həsən Mahmudov, Malik Mahmudov, Mirzə Rəhimov, Aniyə Ələkbərova, Aslan Eyvazov, Şulan Şirəliyev və başqaları əvəzsiz xidmətlər göstəriblər. Azərbaycanda samişünaslıq və islamşünaslığın inkişafında akademik Vasim Məmmədəliyev böyük rol oynayıb.
Onu da qeyd edim ki, 1993-cü ildə fakültədə ibri (yəhudi), 2000-ci ildə yapon, 2001-ci ildə urdu, 2003-cü ildə Çin, 2007-ci ildə Koreya dili şöbələri açılıb.
-Fakültədə hər üç səviyyə üzrə nə qədər tələbə təhsil alır? Onların bilik və bacarıqları sizi qane edirmi?
Fakültədə 900-ə yaxın tələbə təhsil alır. Əvvəllər fakültəmizdə regionşünaslıq ixtisası yox idi. Tələbələrin sayı daha az və keçilən fənlər də daha çox ixtisas üzrə idi. Məzunlarımız filoloq, tərcüməçi, müəllim diplomları alırdılar. Qruplarda tələbələrin sayının azlığı şərq dillərinin mənimsənilməsində müsbət rol oynayırdı. Məlum məsələdir ki, ərəb, fars, Çin, yapon kimi dilləri öyrənmək üçün olduqca böyük səy göstərilməlidir. Tələbələrimiz arasında istedadlı, bacarıqlı gənclər var. Onlar həm tədrisdə, həm də fakültənin ictimai həyatında aktiv iştirak edirlər.
- Sovet dövründə bu ixtisasa böyük maraq var idi, hazırda vəziyyət necədir?
Bəli, sovet dövründə güclü şərqşünaslıq məktəbi formalaşmışdı və respublikada Şərqşünaslıq fakültəsinə maraq olduqca böyük idi. Onu da qeyd etməliyəm ki, o vaxtlar bu fakültəyə qəbul olmaq da asan deyildi. İndi müstəqil respublikamızın siyasi arenada əldə etdiyi uğurlar, genişlənən beynəlxalq əlaqələr fakültəmizə marağı daha da artırır. Çox istərdim ki, fakültəmizə Şərq dillərini həqiqətən öyrənmək istəyən, bu fakültəni təsadüfən seçməyən abituriyentlər üz tutsunlar.
-Fakültənin beynəlxalq əlaqələri barədə məlumat verərdiniz.
Fakültəmizin beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Belə ki, Türkiyə, ərəb ölkələri, Uzaq Şərq ölkələri, Pakistan və İsrailin təhsil ocaqları ilə əməkdaşlıq edirik. Hər il Küveyt Dillər Mərkəzinə təhsil almaq üçün ərəb dili üzrə yaxşı oxuyan tələbələrimiz göndərilir. Yaponiyanın Gumma, Tsukuba kimi universitetləri ilə müqavilələr imzalanıb. Çinin Anhui Universiteti ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsinə əsasən, Çin filologiyası ixtisası üzrə ikili diplom proqramı həyata keçirilir. Qətər Universiteti, Pamukkale Universiteti, Misirin Ayn Şəms Universiteti, Çexiyanın Karlov Universiteti, Polşanın Varşava Universiteti, Koreyanın Kyungun Univeristeti ilə memorandumların imzalanması üzrə danışıqlar aparılır.
-Tələbələrin bilik və bacarıqlarının artırılması üçün hansı yeni tədris metodlarından istifadə edilir?
-Fakültəmizin yerləşdiyi bina keçən il əsaslı təmir edilib. Auditoriyalar texniki cəhətdən müasir proyektorlar, elektron lövhələrlə təmin olunub. Artıq dərslərdə video-audio materiallardan istifadə olunur. Müəllimlərimiz dil dərslərinin daha effektiv keçirilməsi üçün innovativ üsullardan istifadə edirlər. Həmçinin fakültədə danışıq klubları fəaliyyət göstərir. Yeni tədris ilində tərcüməçilik ixtisası üzrə təhsil alan tələbələrimiz üçün diplomatik görüşlərdə tərcümə prosesinin simulyasiya oyunlarının təşkili nəzərdə tutulur. Fakültəmiz Koreya, Çin, yapon, türk, ərəb dilləri üzrə natiqlik yarışları keçirir ki, bu da tələbələrin Şərq dillərini öyrənməsində əhəmiyyət daşıyır.