ERASMUS+ mübadilə proqramı: Erasmus+ əməkdaş universitetlər arasında tələbə, akademik və inzibati heyətin mübadiləsini həyata keçirir. Erasmus+ proqramı ilə xarici ölkələrdə təhsil almaqla, tələbələr ünsiyyət və dil bacarıqlarını inkişaf etdirə və gələcək məşğulluqları üçün vacib olan bir sıra bacarıqlara yiyələnə bilərlər. Proqram çərçivəsində bakalavryatura və magistratura səviyyələrində təhsil alan tələbələr və eləcə də akademik və inzibati heyət mübadilədə iştirak edə bilərlər.
Mübadilə müddəti 1 və ya 2 semestr ola bilər.
Erasmus+ çərçivəsində təhsili davam etdirmək üçün ali təhsil müəssisəsində ixtisas üzrə uyğunluq gözlənilməklə qeydiyyatdan keçilməlidir. Bunun üçün tələbələr bakalavr pilləsinin II kursunda, III kursun ilk yarımilində və ya magistratura pilləsinin I kursunda təhsil almalıdır. Seçilən təhsil sahəsi tələbənin öz universitetində keçdiyi ixtisas və tədris proqramı ilə əlaqəli olmalıdır.
Mübadilə proqramlarında iştirak
MÖVLANƏ mübadilə proqramı: Türkiyə universitetləri ilə dünyanın müxtəlif ölkələrində yerləşən universitetlər arasında müəllim-tələbə mübadiləsini həyata keçirən proqramdır. Mövlanə proqramı çərçivəsində Türkiyə universitetlərində təhsil almaq hüququ qazanan tələbə təhsil müddətində hər ay müvafiq məbləğdə təqaüd alır. Yol xərci proqram çərçivəsində ödənilir. Mübadilə proqramı tələbəyə xaricdə təhsil almaq hüququ verməklə, yeni təcrübə əldə etmək, təhsildə yeni keyfiyyətlərə yiyələnmək və gələcək karyerasının qurulması üçün yeni imkanlara yiyələnmək üçün şərait yaradır.
Mövlanə proqramı çərçivəsində mübadilə:
Xaricdəki tərəfdaş universitetlərdə təhsil almaq üçün tələbə mübadiləsi - 1 (bir) semestr
Tədris fəaliyyətini həyata keçirmək məqsədilə əməkdaşlıq edən universitetlərin akademik və inzibati heyətlərinin mübadiləsi - 1 (bir) həftə
Ətraflı məlumat üçün baxın: https://mevlana.yok.gov.tr/ana-sayfa
Daha ətraflı məlumat əldə etmək istəyən tələbələr [email protected] elektron ünvanı və yaxud (+99412) 539-05-57 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.