28 noyabr, 2025 tarixində tanınmış türkoloq alim, professor Rüfət Əşrəf oğlu Rüstəmovun anadan olmasının 80-ci ildönümünə həsr olunmuş “Müasir türk dünyası: şərqşünaslıq araşdırmalarında yeni elmi yanaşmalar” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir

Tanınmış türkoloq alim, professor Rüfət Əşrəf oğlu Rüstəmovun anadan olmasının 80-ci ildönümünə
həsr olunmuş “Müasir türk dünyası: şərqşünaslıq araşdırmalarında yeni elmi yanaşmalar”
mövzusunda respublika elmi konfransı
28 noyabr, 2025
Bakı Dövlət Universiteti, Bakı, Azərbaycan
28 noyabr, 2025, saat 11.00
2025-ci il 1 noyabr Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının müdiri, professor Rüstəmov Rüfət Əşrəf oğlunun anadan olmasının 80 illiyinə təsadüf edir.
R.Ə.Rüstəmov 1963-67-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin Türk şöbəsində təhsil almışdır. 1971-1973 və 1985-1987-ci illərdə Türkiyə Respublikasında mütərcim olaraq işləmişdir. 1973-74-cü illərdə Yaxın şərq dilləri kafedrasında laborant, 1974-75-ci illərdə baş laborant, 1975-76-cı illərdə həmin kafedraya müəllim, 1981-1987-ci illərdə baş müəllim, 1987-1990-cı illərdə dosent vəzifəsində çalışmışdır. R.Rüstəmov 1980-ci ildə Tbilisi Dövlət Universitetinin Elmi Şurasında “Müasir Türk dilində nidalar” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. 1989-cu ildə dosent elmi adını almışdır. 1996-cı ildə Bakı Dövlət Universitetinin Müdafiə Şurasında “Türk dilində köməkçi nitq hissələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 26 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adını almışdır. R.Rüstəmov Azərbaycanda Türk dili üzrə ilk elmlər doktoru və professordur. Professor R.Rüstəmov 1990-cı ildən hal-hazıra kimi Şərqşünaslıq fakültəsinin “Türk filologiyası” kafdrasının müdiri vəzifəsində çalışır.
İndiyədək professor R.Rüstəmovun 14 monoqrafiya, dərslik və dərs vəsaiti, 130-dan çox elmi məqalə və tezisi çapdan çıxmışdır. R.Rüstəmov respublikada ilk “Türk dili” dərsliyinin müəllifi kimi tanınmışdır. O cümlədən, R.Rüstəmovun “Türkcə-rusca-Azərbaycanca” dilçilik terminləri lüğəti (həmmüəllif Ə.Rəsulov) (ADU,1988), “Türk dili”, dərsliyi (həmmüəllif Ə.Rəsulov) (ADU, 1989), “Müasir türk dilində köməkçi nitq hissələri”, monoqrafiyası (Bakı, 1996), “Müasir türk dilində təqlidi sözlər” (BDU, 1998), “Türk dilinin morfologiyası” (dərslik), (Bakı, 2007), “Türk dilinin sintaksisi” (dərslik), (Bakı, 2008), “Türkçe Oku Metinleri” (həmmüəllif C.Rüstəmova), (Bakı, 2007), “Osmanlı-Türk dili” (həmmüəllif C.Rüstəmva) (Bakı, 2013), Ölkəşünaslıq (Türkiyə üzrə) (həmmüəllif B.Hacıyeva), (Bakı, 2019), “Учебник турецкого языка” (həmmüəllif A. İbrahimova ), (Bakı, 2019) kitabları çapdan çıxmışdır. R.Rüstəmov “Türk dili” , “Osmanlı türk dili”,
” Qədim dil”, “Mətnşünaslıq”. “Mənbəşünaslıq” və s.fənləri tədris edir.
Prof. R.Rüstəmov eyni zamanda çoxsaylı elmi konfransların, simpoziumların iştirakçısı olmuşdur. O, 1990-cı ildə Şimali Kipr Respublikasında keçirilən beynəlxalq elmi simpoziumda fəal iştirak etdiyi üçün beynəlxalq sertifikata layiq görülmüşdür. 2016-2018-ci illər də Türkiyədə keçirilən İstanbul Beynəlxalq simpoziumunun iştirakçısı olmuşdur. O, 2008-ci ildə “Mahmud Kaşğarlı” mükafatına layiq görülmüşdür. Onun rəhbərliyi altında 24 dissertant və doktorant filologiya ixtisası üzrə müdafə edərək fəlsəfə doktoru adına layiq görülmüşdür. R.Rüstəmov 20 ilə yaxındır AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda fəaliyyət göstərən 5710.01 – “Türk dilləri” ixtisası üzrə İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. 40 nəfərin elmlər və fəlsəfə doktorluğu üzrə rəsmi opponenti olmuşdur. Həmçinin prof. R.Rüstəmov türkologiya sahəsi üzrə çoxsaylı dərslik, monoqrafiyaların redaktoru və rəyçisidir. AMEA-nın Əlyazmalar İnstitutunun “Filologiya məsələləri” jurnalında redaksiya heyətinin üzvü, BDU “Xəbərlər”ində redaksiya heyətinin üzvü, BDU-nun “Türk filologiyası” jurnalının təsisçisidir.
Prof. R.Rüstəmov Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin daha da möhkəmlənməsi və inkişafı sahəsində fəal iştirak edir. Onun yetirmələri bir sıra dövlət strukturlarında və Türkiyədə uğurla fəaliyyət göstərirlər. Prof. R.Rüstəmov eyni zamanda Yazıçılar İttifaqının həqiqi üzvüdür. R.Rüstəmov publisistik yazıları ilə də geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Onun “Bu dağlardan bir Cahangir keçdi”, “Alın yazısı”, “Tağılar Usufu”, “Bir nəslin manifesti”, “At da muraddı”, “Köç”, “Milli qəhrəmanın tale romanı” kimi kitabları işıq üzü görmüşdür.
Tanınmış türkoloq alim, professor Rüfət Əşrəf oğlu Rüstəmovun 80 illik yubileyinə həsr olunmuş “Müasir türk dünyası: şərqşünaslıq araşdırmalarında yeni elmi yanaşmalar” mövzusunda respublika səviyyəli konfransın (2025-ci ilin 28 noyabr tarixində) keçiriləcək respublika səviyyəli konfransla bağlı məlumatları nəzərinizə çatdırırıq.
KONFRANS HAQQINDA
Tezislərin qəbulunun elanı tarixi: 16 oktyabr 2025
Tezislərin təqdim edilməsi üçün son tarix: 18 noyabr 2025
Konfransın keçirilmə tarixi : 28 noyabr 2025
Tezislər aşagıdakı e-mail ünvanına göndərilməlidir:
Konfrans aşağıdakı bölmələr üzrə keçiriləcək:
- Dilşünaslıq
- Ədəbiyyatşünaslıq
-Tərcüməşünaslıq
Konfransın mövzuları:
- Müasir türk dünyası və Azərbaycan şərqşünaslığı;
- Müasir dövrdə Şərq dillərinin inteqrasiyası məsələləri;
- Türk dünyasının beynəlxalq arenada elmi-tədqiqat potensialı;
- Şərqşünaslıqda türk dünyası tədqiqatlarının gələcək perspektivləri;
- Şərqşünaslıq fənlərinin tədrisində yeni metodika;
- Azərbaycan və Şərq ölkələri arasında mədəni əlaqələr;
- Orta əsr şərq ədəbiyyatı;
- Müasir Şərq ədəbiyyatı;
- Qloballaşan dünyada şərq dilləri;
- Qloballaşma şəraitində dildə mədəni inkişafın aktual məsələləri;
- Mədəniyyətlərarası ünsiyyət və tərcümənin mədəni inkişaf problemləri;
- Tərcümənin nəzəri və praktik problemləri;
- Şərq dillərinin öyrənilməsi və tədrisinin aktual problemləri;
Tezislərin tərtib olunma qaydaları:
Konfransın işçi dili: Azərbaycan, türk, rus və ingilis dilləri
Tezisin adı 12 sözdən çox olmamalı, sözlər böyük hərflərlə, 14 pt ölçülü qalın Calibri şrifti,
Müəllifin soyadı, adı, atasının adı: 12 pt ölçülü qalın Calibri şrifti,
Təşkilat, şəhər və ölkənin adı: 12 pt ölçülü kursiv Calibri şrifti,
Elektron ünvan: 12 pt ölçülü kursiv Calibri şrifti
Təqdim olunmuş tezisin həcmi 500 sözü keçməməli, format A4, fayl formatı *doc, *docx, şrift Calibri, şrift ölçüsü 14 pt, yuxarıdan 2,7 sm, aşağıdan 2,0 sm, soldan 2,0 sm, sağdan 2,5 sm., interval 1 olmalıdır.
Konfransın keçiriləcəyi yer: Azərbaycan Respublikası, Bakı şəhəri, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi,
Ünvan: Akademik Zahid Xəlilov küçəsi, 33
e-mail: [email protected]