İMANQULİYEVA AİDA NƏSİR QIZI

İMANQULİYEVA AİDA NƏSİR QIZI

İMANQULİYEVA AİDA NƏSİR QIZI

(1939 -1992) şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1987)

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdır (1957-1962). Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirib (1966), Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi (1966-1976), ərəb filologiyası şöbəsinin müdiri (1976-1988), elmi işlər üzrə direktor müavini (1988-1991), həmin institutda direktor vəzifəsində çalışmışdır (1991-ci ildən).

"Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi "Azərbaycan" jurnalında (1964, N 12) dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib "Vostoçnı almanax"da (Moskva1979, VU buraxılış) çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda - toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.

Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "Ərəb filologiyası məsələləri" məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur (1971-1973; 1979-1981). "Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında" (1970), "Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi" (1977), "Sovet Azərbaycanı və xarici Şərq" (1980), "Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi" (1982), "Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri" (1985), "Şərq filologiyası məsələləri" (1986-1987), "Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə" (1987), "Xarici Şərqin problemləri: tarix və müasirlik" (1988), "Şərq ədəbiyyatında ənənə və novatorluq" (1988) məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü (1987) və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur (1983-cü ildən). MoskvaBakıDüşənbəHamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.

1992-ci il sentyabrın 19-da Bakıda vəfat etmişdir.

Əlaqə
Bakı Dövlət Universiteti, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Bütün hüquqlar qorunur. Bakı - 2021
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət