Gövhər Baxşəliyeva 1954-cü ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olmuşdur. C.M.Kirov adına Azərbaycan Dövlət Universiteti (Bakı Dövlət Universiteti), şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.1977-ci ildən h/v kimi AMEA Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor vəzifələrində çalışıb. Hazırda AMEA-nın İctimai Elmlər Bölməsinin sədri, akad.Z.Bunyadov adına Şərqşünaslıq İnstitutunun baş direktorudur. Klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ərəb-Azərbaycan ədəbi əlaqələri, müqayisəli ədəbiyyatşünaslıq, mənbəşünaslıq, habelə şərqşünaslığın digər istiqamətlərinə aid tədqiqatlar.
Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı) ixtisası üzrə 21 fəlsəfə doktorları yetişdirmişdir. Azərbaycan elmini bir çox xarici ölkələrdə uğurla təmsil edib (Türkiyə, Rusiya, İran, Misir, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Fransa, İngiltərə, İtaliya, Macarıstan, Rumıniya, Çin, Malaziya, İndoneziya və s.).
10.01.02 — «Türk xalqları ədəbiyyatı» və 10.01.03 — «Dünya ədəbiyyatı» ixtisasları üzrə Müdafiə Şurasının sədridir. Şərqşünaslıq sahəsində Respublikada aparılan elmi işlərin koordinasiyası üzrə Problem Şurasının sədridir. «Şərq araşdırmaları» və «Azərbaycan şərqşünaslığı» dərgilərinin baş redaktorudur.